Bodibildinq üzrə III muxtar respublika birinciliyi Zəfər Gününə həsr olunub

Noyabrın 2-si Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş gənclər və böyüklər arasında bodibildinq üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Turan” Fitnes Klubu tərəfindən birgə təşkil olunan yarışa 26 idmançı qatılıb.

 Tədbirin əvvəlində Vətən uğrunda canından keçmiş şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov 44 günlük Vətən müharibəsindən söz açıb, Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində Ordumuzun qazandığı möhtəşəm Zəfərin 4-cü ildönümünə hər kəsin böyük qürur və fəxarət hissi ilə hazırlaşdığını vurğulayıb, təmsil etdiyi qurum tərəfindən bu münasibətlə silsilə tədbirlərin davam edəcəyini diqqətə çatdırıb. Vətən uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyən Məcid Seyidov əlavə edib ki, bu cür yarışların keçirilməsində əsas məqsəd idmançıların vətənpərvərlik hissini yüksəltmək, onlarla birgə Böyük Zəfəri bayram etməkdir.

 Birinciliyin reqlamentinə əsasən 165, 170, 175, 180 sm boy kateqoriyalarında mens fizik üzrə çıxışlar izlənilib. İdmançıların çıxışı Əməkdar məşqçi Şəfi Hüseynov, “Turan” Fitnes Klubunun rəhbəri, bodibildinq üzrə mütləq Azərbaycan çempionu Həsənqulu Abdullayev və “Gym Gong” fitness zalının rəhbəri Orxan Səfərovadan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 İlk üç yerin sahiblərinə diplom, medal və kuboklar təqdim edilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib.

 Nəticələrə əsasən Lazım Məmmədov (“Dəmir yumruq”) 165 sm, Rəsul Ağamalıyev (Gym Gong) 170 sm, Özgür Heydərli (“Turan”) və Ruslan Rüstəmzadə (Gym Gong) 180 sm boy kateqoriyaları üzrə birinci olublar. Yarışın mütləq qalibi adına Rəsul Ağamalıyev layiq görülüb.